
Azərbaycan futbolu milli komandalar səviyyəsində son illər ən ciddi nailiyyətini 2018-ci ildə qazanıb.
Sportnet.az xatırladır ki, həmin vaxt 19 yaşadək futbolçulardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsində 6 xal toplayaraq, qrup ikincisi kimi elit-raunda vəsiqə qazanıb. İlk görüşündə İsrailə 1:4 hesabı ilə uduzmasına baxmayaraq, Gürcüstanı 2:1, Lixtenşteyni isə 3:0 hesabı ilə yenən baş məşqçi Vüqar Məmmədin komandası 6 xalla qrup ikincisi kimi mərhələ adlayıb.
14 - 20 noyabr 2018-ci ildə Tbilisidə keçirilmiş seçmə mərhələ oyunlarında xüsusən Gürcüstan üzərində qələbə xüsusi qeyd olunurdu. Həmin vaxt qonşu ölkə yığmasının heyətində Giorgi Mamardaşvili, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili kimi gələcəyin ulduzları çıxış edirdi.
Həmin vaxt Gürcüstan millisi 4 xalla 3-cü yeri tutaraq, qrupda qaldı.
Necə deyərlər, "Kiminin əvvəli, kiminin axırı". Azərbaycan millisinin bu uğurunun davamı nə elit-raundda, nə də sonrakı yarışlarda gəldi, futbolçuları da Avropanın aparıcı klublarına dəvət almadı. Əvəzində Gürcüstan millisi və futbolçuları hazırda "köhnə qitə"yə əməlli-başlı səs salıb.
Vaxtilə Azərbaycanda çıxış etmiş hücumçu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvararatsxeliya mayın 31-də Fransa PSJ-sinin heyətində İtaliya "İnter"inə qarşı final oyununa çıxacaq. Bunadək o, "Napoli" və PSJ-nin heyətində İtaliya və Fransa çempionluqları yaşayıb.
Bəs görəsən, niyə azərbaycanlı futbolçular ən azı gürcülərin yolu ilə gedə bilmədilər, ən yaxşı halda "Qarabağ"da "ilişib-qaldılar?"
Azərbaycan U-19 yığmasının ovaxtkı baş məşqçisi Vüqar Məmməd Teleqraf-a müsahibəsində həmin tarixi qarşılaşmaları xatırlayıb və bu nailiyyətin davamının gəlməməsinin səbəblərini açıqlayıb:
- Azərbaycanın U19 yığmasının elit-raunda vəsiqə qazandığı həmin seçmə mərhələnin oyunlarını necə xatırlayırsınız?
- Seçmə mərhələdəki ilk oyunumuz hələ də xatirimdədir. Gürcüstanın Mixail Mesxi stadionunun ehtiyat meydanında keçirilən bu qarşılaşma zamanı hava şəraiti əlverişsiz idi, yağış nəticəsində ot örtüyü çox ağır vəziyyətdə idi. Rəqibimiz isə fiziki baxımdan güclü olan İsrail millisi idi. Təəssüf ki, həmin oyunu 1:4 hesablı məğlubiyyətlə başa vurduq. Nəticədən əlavə, komandamızın əsas heyət üzvlərindən İbrahim Hüseynov və Zamiq Əliyev ciddi zədələr aldılar. O dövrdə hər iki futbolçu “Qarabağ”ın heyətində çıxış edirdi.
Eyni turun digər qarşılaşmasında Gürcüstan yığması Lixtenşteyni 8:0 hesabı ilə məğlub etmişdi.
İkinci turda əsas meydançada, yerli azarkeşlərin önündə Gürcüstan yığması ilə üz-üzə gəldik. Qarşılaşmanın son dərəcə çətin keçəcəyini bilirdik. Bu oyundan əvvəl İsrail millisi Lixtenşteynə qarşı görüşdə 90-cı dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, biz Gürcüstanla oyunda məğlub olsaydıq, son tur qarşılaşması nəticəmizdən asılı olmayaraq, bizim üçün əhəmiyyət daşımayacaqdı.
Komanda olaraq böyük əzmkarlıq göstərdik və nəticədə Gürcüstan üzərində 2:1 hesablı qələbə qazandıq. Son turda isə Gürcüstan İsrail millisi ilə 1:1 hesablı bərabərə qalaraq 4 xalla üçüncü yeri tutdu. Biz isə Lixtenşteyni 3:0 hesabı ilə məğlub edərək 6 xalla qrupda ikinci yeri tutduq və elit-raunda vəsiqə qazandıq.
- Elit raunda vəsiqə uğrunda ən vacib oyununuz Gürcüstana qarşı idi?
- Gürcüstanla oyun bizim üçün çox vacib idi. Yalnız qələbə və ya heç-heçə nəticəsində növbəti mərhələyə vəsiqə şansımız qalırdı. Bu yaş qrupu ilə (2000–2001 təvəllüdlü futbolçular) daha əvvəl U-17 səviyyəsində Gürcüstanda iki dəfə qarşılaşmışdıq və rəqibi yaxından tanıyırdıq.
Turnirə təxminən bir ay yarım qalmış Bolqarıstanda yerli yığma ilə Gürcüstan arasındakı oyunu stadiondan canlı izləyərək, rəqib komandaya dair ətraflı analiz aparmışdıq. Hər bir futbolçunun fərdi xüsusiyyətlərini belə dəyərləndirmişdik. Bu da oyun öncəsi hazırlıqlarımıza mühüm töhfə vermişdi.