
Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha dörd qarşılaşma yekunlaşıb.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda E qrupunda Kosta Rika ilə Tailand seçmələri üz-üzə gəlib.
Matçda 4:1 hesablı qələbəyə sevinən Asiya təmsilçisi xallarının sayını 7-yə çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.
H qrupunda İspaniya millisi İsrailə 2:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. İsraillilər 6 xalla mərhələ adlayıb.
G qrupunda Argentina yığması BƏƏ seçməsinə 1:4 uduzaraq mundialı xalsız başa vurub. Ərəblər də rəqibi kimi qrupdan çıxa bilməyib.
F qrupunda isə Polşa və Bosniya Herseqovina milliləri qalibi müəyyənləşdirə bilməyib - 1:1. Hər iki kollektiv 5 xalla 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsinə bu gün keçiriləcək Çexiya - Gürcüstan, Serbiya - Qana, Qazaxıstan - ABŞ və İndoneziya - Monteneqro oyunları ilə yekun vurulacaq.