
“Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, qarşılıqlı penaltilər var idi. Futbolçular əllərindən gələni etdilər, çox böyük əmək göstərdilər. Klubumuzu ilk titula görə təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun finalında “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
43 yaşlı rusiyalı mütəxəssis komandadakı gələcək taleyi barədə yaxın vaxtlarda açıqlamanın veriləcəyini bildirib: "Gələcək haqqında heç nə deyə bilmərəm. 3-4 günə hər şey bilinəcək. Ondan sonra hər şey aydınlaşacaq. Hər şeyi eşidib görəcəksiniz. Bunları mən və klub rəhbərliyi müzakirə edərək, qərar verəcəyik".
Berezutski "Sabah"da olduğu müddətdə "Qarabağ"a uduzmamalarında qeyri-adiliyin olmadığını vurğulayıb: "Bunun elə bir böyük resept yoxdur. "Qarabağ" Azərbaycanın dominant klubudur. Əldə olunan nailiyyət isə uşaqların gördükləri iş, oyuna köklənmə, futbolçularımızın əməyinin nəticəsidir".