
“Klub rəhbərliyi futbolçu kimi məni nə ofisə çağırdı, nə də "sağol"laşdı. Telefonda dedilər ki, artıq qərar verilib. Mənim 20-22 yaşım yoxdur ki, desinlər, “davay, sağ ol, çıx get”. Əlbəttə, bu hərəkət xətrimə dəydi”.
Bunu Sportnet.az-a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq kapitanı Vadim Abdullayev komandadan ayrılması barədə danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılmamasının onun üçün gözlənilməz olduğunu bildirib: “Düşünürdüm ki, komandanın bu yerə gəlməsində ən çox əziyyət çəkən insanlardan biri mənəm. İndi isə rəhbərlik məni komandaya lazım bilmədi. Futbol həyatında belə şeylər olur. Klubun məşqçilər korpusu məni heyətdə saxlamaq istəyirdilər. Elmar Baxşıyevin də mənimlə bağlı planları vardı. Klub rəhbərliyi isə məni komandada görmək istəmədi”.
“Qırmızı-ağlar"la 100-dən çox oyun keçirən yarımmüdafiəçi rəhbərliyin ona qapını göstərməsini haqsız sayıb: “Təbii ki, incikliyim var. Çünki gözlənilməz qərar oldu. Mənim yerimə kim olsa, belə deyər. Komandanın kapitanı oldum, milliyə dəvət aldım. Burada heç kim yox idi, mən klubda idim. “Araz-Naxçıvan”da ən çox oyun keçirən futbolçu mən olmuşam. İstər paltardəyişmə otağında, istərsə də meydanda və ya kənarda haqqım çoxdur”.
Azərbaycan millisinin üzvü gələcək təklifləri gözlədiyini qeyd edib: “Hələlik gözləmədəyəm. 30 yaşım var, karyeramı bitirmək tezdir. Klubdan ayrılmaq xəbərim indi yayıldı. Bu qədər oyun keçirmişəm. Hər halda, təkliflər olacaq”.
Qeyd edək ki, Vadim Abdullayev 2020-ci ildən Naxçıvan təmsilçisinin şərəfini qoruyurdu. “Araz-Naxçıvan” cari mövsüm Premyer Liqanı 3-cü yerdə bitirərək tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazanıb.