
Türkiyənin I Liqa təmsilçisi "Boluspor"dan ayrılan Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.
Bu barədə Sportnet.az-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
O, Türkiyə, Bosniya və Albaniyadan təklif aldığını bildirib.
Lakin İsgəndərli Albaniya variantına üstünlük vermə ehtimalının daha çox olduğunu söyləyib. O, “Dinamo Siti”, “Partizan”, “Teuta” və “Vora” klubları ilə danışıqların aparıldığını açıqlayıb. Futbolçunun sözlərinə görə, klubun adı və müqavilənin şərtləri yaxın günlərdə dəqiqləşəcək.
İsgəndərli Türkiyə təmsilçisi ilə yolları ayırmasının səbəbini belə izah edib: “Klubda ümumi iclas olmalıdır. Rəhbərlikdən kimin qalıb, kimin gedəcəyi bəlli deyildi. O zamana kimi mənə dedilər, gözlə, müqavilə məsələsini danışarıq. Klub prezidenti orada qalsa belə, ayrılmağı düşünürdüm. Müqavilə təklif etsələr də, getməyi üstün tutdum. Çünki daha çox oynamağa ehtiyacım var. Halallaşdıq, bir-iki məsələ var ki, onları da həll edəcəyik”.
Azərbaycanlı futbolçu yenidən özünü sübut edərək, milli komandaya qayıtmaq istəyində olduğunu bildirib: “Menecerim danışıqlar aparır. Az oynamağıma baxmayaraq, yenidən təkliflər oldu. Seçimimi elə edəcəyəm ki, mənim üçün daha yaxşı imkan olsun. Harada daha uğurlu ola bilərəm, hara getsəm, yenidən yığmaya dəvət ala bilərəm və s. Bunları götür-qoy edib, ona uyğun qərar verəcəyəm".
Qeyd edək ki, Vüsal İsgəndərli 2023/2024 mövsümünün ilk yarısını Albaniyanın “Eqanatiya” klubunda keçirib. 2024-cü ilin yanvarında isə o, Türkiyə təmsilçisi “Boluspor”a keçib.