
Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Sportnet.az-ın suallarını cavablandırıb.
PFL rəsmisi başa çatan mövsüm, Azərbaycan Kubokunun finalı barədə fikirlərini bölüşüb, növbəti mövsümün təqviminə dair məsələlərə aydınlıq gətirib:
- 2024/2025 futbol mövsümünü necə dəyərləndirərdiniz?
- İnsanlar adətən, Premyer Liqa ilə bağlı dəyərləndirməyə baxırlar. Bu da normaldır. Orada kütlə daha çoxdur, həm də komandalar daha peşəkardır. Lakin PFL üçün digərləri – I Liqa, II Liqa, Əvəzedicilər Liqası da var. Bundan əlavə, Azərbaycan Kubokunun təşkili və oyunların keçirilməsi məsələsi də bizim səlahiyyətlərimizdədir. Düşünürəm ki, bütün liqalarda gərgin mübarizə getdi. İdman prinsipləri qoyulandan sonra özünüz də şahidsiniz ki, həm çempionluq, həm də liqaları tərk etməmək üçün amansız mübarizə gedir. Çempionatdan qane olduq. Digər liqalarda, hətta pley-off yarışlarında da gərgin oyunlar oldu. Region Liqası təmsilçisi "Şirvan"la II Liqa komandası "Lerik" arasındakı oyun çox baxımlı oldu. Möhtəşəm görüş keçdi. Digər qarşılaşmalar da ürəyimizcə oldu. Ümumiyyətlə, hər şey öz axarı ilə, yüksək səviyyədə davam etdi. Çempionatımız avrokubokların güzgüsüdür. Düşünürəm ki, komandalarımız orada verəcəyi imtahan bizə daha maraqlı olmalıdır. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış edəcək bütün təmsilçilərimizə uğurlar arzu edirəm.
- 28 sentyabr - 8 oktyabrda keçiriləcək III MDB Oyunları ilə əlaqədar Azərbaycan çempionatında fasilə yaranacaq?
- III MDB Oyunlarının təqvimi artıq məlumdur. Orada müəyyən stadionlar var, hansı ki, yarışlar orada keçiriləcək. Bunlar Qəbələ və Şəki şəhər stadionlarıdır. PFL-in Texniki-idman şöbəsi Gənclər və İdman Nazirliyindən Qəbələ və Şəkidəki oyunların təqvimini götürüb, yəni bizdədir. Çalışacağıq, təqvimi elə müəyyənləşdirək və oyunları elə vaxta salaq ki, təxirəsalma olmasın. Amma görsək ki, qaçılmazdır, o halda dəyişiklik ola bilər. İndiki halda isə ehtimal çox azdır.
- 2026-cı il dünya çempionatına görə, 2025/2026 futbol mövsümü digər illərlə müqayisədə daha erkən başa çata bilərmi?
- Əslində, o FIFA-nın göstərişidir, bütün liqalarda elə edirlər. Çünki milli komandalara futbolçu cəlb edirlər. Amma bizim təqvimdə onunla bağlı problem yaranmayacaq. Onsuz da 15 avqustda çempionat başlayacaq. Növbəti mövsüm də 36 yox, 33 tur olacağından, 21 gün vaxt qazanacağıq. Ona görə, hər hansı problem olacağını düşünmürəm. Kifayət qədər vaxtımız olacaq.
- Azərbaycan Kubokunun finalında “Sabah”ın “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etməsinə münasibətiniz necədir?
- Münasibətim normaldır. Kubokun finalı bir oyundan ibarətdir. Düzdür, hər oyunda favorit ola bilər. Amma bir oyunluq mübarizədə istənilən komandanın qalib olması mümkündür. Ötən mövsüm “Qarabağ” – “Sabah” qarşılaşmaları üç dəfə heç-heçə, bir dəfə isə 3:2 hesabı ilə ağdamlıların qələbəsi ilə yekunlaşmışdı. Düzdür, finaldan öncə əksəriyyət “köhlən atlar”ı favorit görürdü. Amma final bir oyundan ibarət və “Sabah”ın avrokuboklara çıxmaq üçün son şansı olduğundan, ölüm-dirim mübarizəsi gedirdi. Mənim üçün “Sabah”ın qələbəsi surpriz olmadı. Çünki özümün də klub təcrübəm var. Bilirəm ki, komandalar belə oyunlara fərqli yanaşırlar. Dünyanın bütün ölkələrində bir oyundan ibarət qarşılaşmalarda hətta ağla gəlməyən komandalar belə daha güclü rəqibə qalib gələ bilir.
- Bəs təşkilatçılıq barədə nə deyə bilərsiniz?
- Özümüzü çox tərifləməyək, amma sağ olsunlar, açılış və mükafatlandırma mərasimi, təşkilatçılıq, ssenarilərin yazılması kimi məsələlərin hamısını bizim əməkdaşlar öz üzərlərinə götürmüşdü. Oyunda gərginlik pik həddə idi. Mübarizə əlavə vaxta kimi getdi, son saniyələrdə qələbə qolu vuruldu. Düşünürəm ki, əla oyun alındır.