
“Bu matçlar millinin formalaşmasında böyük önəm kəsb edə bilər. Nəticələr yaxşı olacaqsa, demək, DÇ-2026-nın seçmə mərhələsində uğurlu çıxış edə bilərik. Əks halda, yenidən nəyəsə ümid etməyə dəyməz”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin keçmiş kapitanı Tərlan Əhmədov yığmanın Latviya və Macarıstanla yoldaşlıq görüşlərində gözləntiləri barədə danışarkən deyib.
54 yaşlı mütəxəssis yığmanın hər iki rəqibi məğlub etmək gücündə olduğunu vurğulayıb: “Düzdür, yoldaşlıq görüşləridir. Amma Latviya demək olar ki, bizimlə eyni səviyyədədir. Macarıstan bizdən bir az üstün olsa belə, onları da udmaq mümkündür.
İndiki halda bizə qələbə lazımdır ki, komanda ruhu yüksəlsin. Çünki Millətlər Liqasında fiaskoya uğradıq. Yığma qalib gəlməlidir ki, komanda bir qədər özünə gəlsin”.
Sabiq müdafiəçinin sözlərinə görə, bu oyunlar qarşıdakı rəsmi görüşlərə təkan olacaq: “Qarşıda bizi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün ağır oyunlar gözləyir. Nəticənin necə olacağını indiki halda deyə bilmirik. Amma qələbə bizim üçün vacibdir. Yüksək səviyyədə milli ruhda olan komanda formalaşmalıdır. Hər iki görüşdə yığmaya uğurlar arzulayıram. Düşünək ki, evdə Macarıstanla oyunda baxımlı və mübariz milli komanda görəcəyik”.
Əhmədov yoldaşlıq görüşlərindəki uğursuzluğun baş məşqçi Fernandu Santuşun istefaya göndərilməsinə səbəb olma ehtimalına belə reaksiya verib: "Bu barədə bir söz deyə bilmərəm. Çünki Santuşla uzunmüddətli müqavilə bağlanılıb. Uğursuzluğa görə qərarı AFFA verəcək. Müqavilədə hansı bəndlərin yer almasından məlumatsızam. Baş məşqçinin özü də 2028-ci il Avropa çempionatına hazırlaşdıqlarını bildirib. Düşünmürəm ki, məğlub olsalar belə, onu göndərsinlər. Hər halda, qalacaq".
Tanınmış veteran futbolçunun fikrincə, sentyabr - noyabrda keçiriləcək DÇ-2026-nın seçmə oyunları millinin hansı səviyyədə olduğunu və nəyə ümid verdiyini nümayiş etdirəcək: "Yoldaşlıq görüşlərindən sonra Santuşun göndəriləcəyinə inanmıram.
Sentyabradək olan dövrdə yeni baş məşqçinin gəlişi, millinin formalaşdırılması, legioner limitinin ləğv olunduğu bir şəraitdə yerli futbolçuların nə qədər şans qazanacaqları kimi məsələlər sonrakı mərhələdə baş verəcək proseslərdir. Digər tərəfdən, hər hansı klub Premyer Liqanı tərk etdikdə onun futbolçusundan baş məşqçisinədək dəyişir. İstefa məsələsi gündəmdə olsaydı, Santuş Azərbaycan yığması Millətlər Liqasında fiaskoya uğrayaraq, D Liqasına düşəndə göndərilərdi. Ötən ilin noyabrında həyata keçirilmədisə, inanmıram ki, bunu yoldaşlıq görüşlərindən sonra etsinlər".
Qeyd edək ki, bu gün Riqa şəhərindəki "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. İyunun10-da isə yığma "Liv bona Dea Arena"da Macarıstanı qəbul edəcək.