
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunundan sonra kütləvi dava baş verib.
Sportnet.az xəbər verir ki, Monteneqro ilə yoxlama oyunundan sonra futbolçular dalaşıblar.
Hər şey final fitinin ardından qonaq komanda futbolçularının Rəşad Əhmədovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadasına etirazlarından sonra başlayıb. Azərbaycanlı oyunçular hakimləri müdafiə etmək üçün araya giriblər.
Bu zaman rəqib komandanın kapitanı Viktor Cukanovun intizamsızlığı ilə seçilib. O, meydan sahiblərinin futbolçusu Emin Rüstəmovun boğazından tutaraq itələyib.
İnsident tezliklə kütləvi münaqişəyə çevrilib. Bu zaman meydanda əlbəyaxa dava düşüb. Tərəfləri sakitləşdirmək üçün polis müdaxiləsinə ehtiyac duyulub.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə bitib.