
"Belarusdan uzun məsafə qət etdiyimiz üçün futbolçularda yorğunluq var idi".
Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Sumqayıtda Monteneqro yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis belə oyunların qarşıdan gələn matçlara hazırlıq məqsədi daşıdığını söyləyib: “Bugünkü rəqib möhkəm komanda idi. Heyətimiz gənc oyunçulardan ibarətdir. Bu, bizi sevindirir, gələcəyə nikbin baxırıq. Daha da yaxşı olacağıq, işin başlağıncındayıq. Futbolçuların gələcəkdəki çıxışı klublarında olan oyunlarından asılıdır. Məncə, pis nəticə qazanmadıq”.
Abbasov yay toplanışında qələbə qazanmamalarına baxmayaraq, komandada irəliləyişin olduğunu bildirib: “İstədiyimiz oyun var. Antalya toplanışından daha fərqliyik. Bəzi epizodlar vardı ki, zərbəni bir az möhkəm vurmalı idik və ya "asma"nı daha yaxşı etməli idik. Mental artırmalıyıq, futbolçular əzmkar idi. Onlar məğlub olmaq istəmirdilər".
Baş məşqçinin fikrincə, U-21-in futbolçuları Əvəzedicilər Liqasında oynamalı deyil: "Məsələn, Belarusda U-21-in bütün futbolçuları Premyer Liqada oynayırlar. Mənin özüm heyəti seçəndə Əvəzedicilər Liqasından seçmək istəmirəm, orada temp o deyil. Futbolçular arasında rəqabət olmalıdır”.