
"Oyuna heç də yaxşı başlamadıq, erkən qol buraxdıq. Buna baxmayaraq, futbolçularım reaksiya verdi və bərabərlik qolunu vurduq. Bundan sonra balanslı oyun gedirdi. Lakin qapımızdan ikinci topu buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernadu Bakıda Macarıstan yığmasına evdə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis ikinci hissənin komandası üçün daha çətin keçdiyini bildirib: "Rəqib çox yaxşı, keyfiyyətli futbolçulardan ibarətdir. Topları əbəs yerə itirmir, ona yaxşı sahib çıxırdılar. Oyunçularım sonadək inanırdılar ki, ən azı bərabərlik qolunu vura biləcəklər. Lakin bəzilərində yorğunluq var idi, bu da meydanda özünü göstərirdi. Buna görə məcburiyyətdən meydana yeni futbolçular buraxdım, komandanı yenilədim. Ən azı bərabərliyi təmin etmək üçün oyunun sonlarında azı 3 qol epizodumuz var idi. Oyunun sonlarında qapıçı Rza Cəfərovun irəli çıxması və qol epizodlarına girməsi, əlbəttə, mənim qərarım idi. Amma yenə son nöqtəni qoymağı bacarmadıq. Futbolda bəzən bəxt də olmalıdır".
Santuş Latviya və Macarıstanla yoldaşlıq görüşlərində komandasından razılıq ifadə edib: "Ümumilikdə, son 2 oyunda futbolçularımdan razı qaldım. Deyərdim ki, daha da yaxşı çıxış və inkişaf etdilər".
Baş məşqçi sentyabrda başlanacaq 2026-cı il dünya çempionatının seçmə oyunları ərəfəsində onu narahat edən məqamları açıqlamaq istəməyib: "Bu, elə bir aspektdir ki, nəyi daha yaxşı edə bilərik, məni hansı məsələ narahat edir, nələrin üzərində daha çox işləməliyik kimi məsələləri yalnız oyunçularımla danışır, onların nəzərinə çatdırıram. Bu toplanışda əvvəlkinə nəzərən nələr üzərində işləməli idiksə, o istiqamətdə çalışdıq. Deyərdim ki, bu, bizdə heç də pis alınmadı, daha da yaxşı çıxış etdik. Belə davam etməsini istərdim. Əlbəttə, üzərində işləməli olduğumuz çatışmayan cəhətlər də var. Amma oyunçular nəyi yaxşı edirlərsə, bunu onlara bildirməliyəm. Onlar da başa düşməlidirlər ki, nəyi yaxşı edirlər və nəyi daha yaxşı edə bilərlər".
Santuş "Azərbaycan millisi 10 oyundur qalib gələ bilmir. Siz isə hər dəfə komandanın oyunundan razılıqla danışırsız. Bəlkə narazı qaldığınız məqamları da media önündə səsləndirəsiz ki, futbolçular da tənqidlərdən dərs çıxarsınlar" sualını isə belə cavablandırıb: "Mən heç də həmişə komandamın çıxışından razılıqla danışmıram. Bu toplanışı əvvəlki ilə müqayisə edərək deyirəm ki, bəli, oyunçularım yaxşı çıxış etdilər. Media önündə oyunçuları heç vaxt tənqid etməmişəm və etməyəcəyəm. Bu, elə bir məsələdir ki, yalnız oyunçularla danışılmalıdır".
O, start heyətdə hər dəfə fərqli oyunçu seçimlərini belə əsaslandırıb: "Bu oyundan əvvəl Latviyaya və oradan bura uzun səfər qət etmişdik. Bəzi oyunçulara lazımi anda dincəlməyə vaxt vermək lazımdır. Rəqibin ilk "11-liy"inə nəzər yetirsək, bu gün daha əvvəl İsveçlə keçirdikləri yoldaşlıq oyunundan fərqli futbolçular çıxış edirdilər".
Baş məşqçi kapitan Emin Mahmudovu bu gün fərqli mövqedə sınamasının səbəbini bu cür izah edib: "O mövqedə ən yaxşı futbolçulardan biri Andrea Pirlodur. Hansı ki, yaxşı texnikaya malikdir və bunu meydanda göstərə bilir. Emin bu gün, deyərim ki, mükəmməl oyun göstərdi. Bu mövqedə onun daha yaxşı çıxış etdiyini düşünürəm. Ona görə də belə qərar verdim. Böyük rəqiblərlə oyunlarda irəlidə boşluqlar az olur. Mahmudov çox yaxşı texnikaya malik oyunçudur. Topla nə qədər çox hərəkət etsə, komanda üçün o qədər yaxşıdır".
Portuqaliyalı mütəxəssis futbolçulardan əsas tələbinin top buraxmamaqdan ibarət olduğuna dair Cəlal Hüseynovun açıqlamasını təkzib edib: "Mən belə şey deməmişəm. Belə deyilibsə, yalandır. Köməkçim Rəşad Eyubov da bilir ki, belə söhbət olmayıb. Mən azərbaycanca danışa bilmirəm, amma Rəşad bacarır".
Baş məşqçi Azərbaycan millisinin qol epizodunda əllə oyunun olmasına dair rəqib həmkarı Marko Rossinin iddiası ilə razılaşmayıb: "Bu, rəqib komandanın baş məşqçisinin dediyi fikirdir. Məncə, VAR da olsaydı, qol sayılacaqdı. Oyunçu topa toxunmadı, top ona tərəf gəldi".
Santuş "Azərbaycanda kişilərin təqaüd yaşı 65-dir, bəs Portuqaliyada neçədir" sualına isə cavab vermək istəməyib: "Bunun futbolla nə əlaqəsi var"?