
“Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubunun 60 milyon avro borcu var.
Sportnet.az xəbər verir ki, bu barədə Split təmsilçisinin sabiq futbolçusu və keçmiş baş məşqçisi İqor Ştimats HRT-yə müsahibəsində deyib.
58 yaşlı mütəxəssis “Hayduk”un ölkə çempionatında qalib ola bilməməsinə toxunub: “Komandanı məndən çox sevən yoxdur. Bunu sözlərlə yox, oyunlarımla sübut etmişəm. Arxamda titullar və nailiyyətlər var. Bütün ailəmin varlığını “Hayduk” üçün təhlükəyə atmışam”.
O, klubun borclarının olduğunu söyləyib: “Hazırda klubda hərc-mərclikdir. Yığılmış borc 60 milyon avrodan çoxdur. Yeni mövsümə az qalıb, yeni baş məşqçi üçün 400 min avronu çətinliklə toplamışıq”.
Ştimats komandanın sabiq baş məşqçisi Cennaro Qattuzonun yüksək maaş aldığını bildirib: “Buna görə də ona dözdülər. Onların çıxış yolu yox idi və italiyalı mütəxəssisin pis qərarları ilə barışmalı oldular”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də keçiriləcək. "Zirə" ilk matçı evdə, cavab oyununu isə səfərdə keçirəcək.