
“Vaxtilə "Qarabağ"ın qapıçısı olmuş yaxın dostum Vaqner da Silva mənə bu komanda barədə ətraflı məlumat vermişdi. O, ən yaxşı şeyləri danışdı”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın yeni transferi Dani Bolt deyib.
26 yaşlı braziliyalı müdafiəçi Ağdam təmsilçisi ilə anlaşmanın onun üçün heç də tərəddüdlü olmadığını bildirib: “Bura gəlməmişdən əvvəl araşdırma aparmışdım. Yəni, seçim etmək çətin olmadı”.
O, Bakıya gəldikdən sonra Gənclər və İdman Nazirliyi ilə “köhlən atlar”ın təşkil etdiyi Qarabağ torpaqlarına səfərinin ürəyincə olduğunu qeyd edib: “Yeni mədəniyyətləri öyrənmək, yeniliklərlə tanış olmaq çox maraqlıdır. Bu səfər özümün də beynimdəki bəzi şübhələri aradan qaldırmağa çox kömək etdi. Ona görə də çox razıyam və hər şey ürəyimcədir”.
Bolt qarşıdan gələn Çempionlar Liqası matçlarına da yaxşı nəticə üçün hazırlaşdıqlarını vurğulayıb: “Rəqibin kimliyindən asılı olmayaraq, oyunlara hazır olmaq lazımdır. Əsas məsələ budur”.
Qeyd edək ki, 26 yaşlı futbolçu Portuqaliyanın I divizion təmsilçisi "Torensi"dən transfer edilib. Sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.