
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubu bu gün 105 dəqiqəlik yoxlama oyunu keçirəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışı keçirən Split təmsilçisi ikinci yoxlama oyununda yerli "Radomlye”ni sınağa çəkəcək.
Matçın I hissəsi 60 dəqiqə, II hissəsi isə 45 dəqiqə davam edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Klubdan verilən açıqlamada bu qərarın futbolçuların daha çox oynamaları, sınaqdan keçirilmələri və mövcud vəziyyətlərini görməklə əlaqədar qəbul olunduğu bildirilib.
“Hayduk” ilk yoxlama görüşündə Bolqarıstan MOİK-ini Marko Livayanın qolu ilə məğlub edib - 1:0. “Radomlye” isə ötən mövsüm Sloveniya liqasını 8-ci pillədə tamamlamış və son yoxlama oyununda “Dinamo” ilə 2:2 hesablı heç-heçə etmişdi.
Qeyd edək ki, “Zirə” – “Hayduk” matçı iyulun 23-də 8-ci km stadionunda (“Nefçi Arena”) keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.