
"Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubunun stadionu təmir olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Split şəhərinin meri Tomislav Şuta bildirib.
O, "Polyud" stadionunun leysan nəticəsində xəsarət almış tribunalarında təcili təmirə ehtiyac olduğunu söyləyib: "Split şəhəri bütün səyləri göstərəcək ki, bərpa prosesi mümkün qədər tez başa çatdırılsın. Bunu yerli və beynəlxalq matçların keçirilməsi üçün etməliyik. Stadionun dam hissəsi ciddi zərər görüb. Bu isə tribunalarda azarkeşlərin təhlükəsizliyinin riskli olması səbəbindən, matçların burada keçirilməsini sual altında qoya bilər".
Şuta arenanın yenidən qurulmasında nazirliyin iştirakını müzakirə etmək üçün Xorvatiyanın turizm və idman naziri Tonçi Qlavinanın Splitə gələcəyini əlavə edib.
Split şəhəri çərşənbə axşamı güclü külək və yağışla müşayiət olunan tufanla üzləşib. Təbii fəlakətin təsirindən bir neçə ərazidə dağıntılar qeydə alınıb. Fırtına çoxlu ağacın aşmasına, avtomobillərə ziyan vurmasına və yolların bağlanmasına səbəb olaraq bütün şəhər xidmətlərini dayandırmağa məcbur edib. Bir neçə nəfərin yaralandığı da bildirilir.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk görüşünü iyulun 23-də evdə, cavab oyununu iyulun 31-də səfərdə keçirəcək.