
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası transfer çalışmalarını davam etdirir.
Sportnet.az "amna.gr" saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi iki yeni futbolçunun keçidini tamamlamağa yaxındır.
"Sarı-qaralar" İspaniyanın "Espanyol" klubunda çıxış edən Alvaro Texero ilə müqavilə imzalayacaq. 27 yaşlı sağ cinah müdafiəçisinin bu gün tibbi yoxlanışdan keçəcəyi bildirilir. Texero "Real Madrid"in yetirməsidir.
"Aris" həmçinin İtaliya "Sassuolo"sundan Uroş Raçiçlə də razılıq əldə edib. 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Portuqaliyanın "Braqa" klubunda keçirib. O, Serbiya millisinin üzvüdür.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.