"Oyuna çox yaxşı başladıq. Mən meydanda olduğum dəqiqələrə əsasən deyə bilərəm ki, həmin müddətdə "Hayduk"a oynamaq imkanı vermirdik. Təəssüf ki, 37-ci dəqiqədə çiynimdən zədə aldım və meydanı tərk etdim".

 

Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin futbolçusu Brahim Konate evdə Xorvatiya "Hayduk"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

 

Fransalı hücumçu zədəsinin ciddilik dərəcəsinə hələ aydınlıq gəlmədiyini bildirib: "Ümidvaram ki, ciddi bir şey yoxdur, çiynim çıxıb. İki gündən sonra prosedurlara başlamalıyam. Klinikada zədənin nə dərəcədə ciddi olduğuna həkimlər qərar verəcəklər".

 

"Zirə"dəki ilk rəsmi matçında fərqlənməyi bacaran fransalı hücumçu gələcəkdə də əsas heyət üzvünə çevriləcəyinə dair fikir bildirməkdə çətinlik çəkib: "Təbii ki, zədəmlə əlaqədar bu suala dolğun cavab verə bilməyəcəyəm. Bu, zədəmin nə dərəcədə ciddi olmasından asılıdır. Əlbəttə, mən oynamağa gəlmişəm və bacardığımın ən yaxşısını ortaya qoymağa hazıram. Tibbi prosedurlardan sonra hər şeyi biləcəyəm".

 

Konate "Zirə"nin mərhələ şansını da dəyərləndirib: "Meydanda cəmi 37 dəqiqə oldum. Bu dəqiqələrə əsasən deyə bilərəm ki, növbəti mərhələyə vəsiqə baxımından rəqibə başağrı ola, problem yarada biləcək komandayıq". O, iyulun 31-də keçiriləcək cavab görüşündən gözləntilərini də açıqlayıb: "Rəqib azarkeşlərin qarşısında oynayacağıq. Şəxsən mən bu cür atmosferdə oynamağı sevirəm. Baxmayaraq ki, çox yaxşı rəqibə qarşı oynadıq və yenə çıxış edəcəyik. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq".