
"Fasiləyə məğlub yollansaq da, üstün olduğumuzu müzakirə edirdik".
Sportnet.az xəbər verir ki, bunu "Şelburn"un kapitanı Peddi Barret evdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
32 yaşlı müdafiəçi Leandro Andradenin 13-cü dəqiqədə vurduğu qolun ürəkparçalayan olduğunu söyləyib: "Lakin güclü oyunçulara malik olduğumuzu bilirdik. Onlar irəli getməli idilər".
Barret matçın son dəqiqələrində buraxılan iki qolda komandanın yanlış seçim etdiyini bildirib: "Hesabı bərabərləşdirmək üçün irəli atıldıq, bunu rəqibə hiss etdirmək istəyirdik. Amma axmaq qollar buraxmaqdansa, oyunda qalmağımız daha yaxşı olardı".
Qeyd edək ki, "Tolka Park" stadionunda təşkil olunan görüşün 81 və 85-ci dəqiqələrində müvafiq olaraq Aleksey Kaşuk və Nəriman Axundzadə fərqləniblər. Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.