
"Çox güclü, təşkilatlanmış, intizamlı və böyük resursa malik komandaya qarşı oynayacağıq. Onların Azərbaycan Kubokunu qazanmaları əbəs yerə deyil".
Sportnet.az xəbər verir ki, bunu Moldovanın “Petrokub” klubunun baş məşqçisi Şota Maxaradze evdə “Sabah”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis "Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Tsele" (Sloveniya) ilə oyunlarını izlədiyini söyləyib: "Onlar iki oyunun yekununda məğlub olsalar da (2:3, 3:2, əlavə vaxt - 0:1) çox layiqli çıxış etdilər. Uğurlu komandalar həm müdafiədə, həm də hücumda yaxşı oynayandır. Biz çalışacağıq ki, həm fərdi, həm də kollektiv baxımdan rəqabətədavamlı olaq. "Sabah"a göstərməliyik ki, onlarla rəqabət apara bilərik".
Gürcüstanlı baş məşqçi, həmçinin, Moldova çempionatında ötən turun "Şerif"lə oyununda Teodor Lunqunun iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: "Onun hərarəti var idi. Futbolçunun sağlamlığı hər şeydən vacibdir, risk etməyə dəyməz. Hazırda o, komanda ilə birlikdə hazırlaşır və böyük ehtimalla, "Sabah"la oyunda iştirak edəcək".
Qeyd edək ki, bu gün Kişineudakı "Zimbru" stadionunda keçiriləcək "Petrokub" - "Sabah" görüşü Bakı vaxtı saat 21:00-da başlanacaq.