
Meksikanın "Qvadalaxara" klubunun futbolçusu Çiçarito cərimələnib.
Sportnet.az xəbər verir ki, buna səbəb meksikalı hücumçunun sosial şəbəkə hesabında ailə dəyərləri barədə danışan zaman qadınlara qarşı dediyi sözlər olub.
Meksika Futbol Federasiyası Xavyer Ernandesi (Çiçarito) idmanda gender bərabərliyi prinsiplərinə zidd olan seksist stereotipləri təbliğ etməkdə təqsirli bilib. Qurumun Gender və Müxtəliflik Komissiyası 37 yaşlı oyunçunun bu cür davranışın qarşısını almaq üçün araşdırmaya başlayıb.
Federasiya Ernandesə bunun təkrarlanacağı təqdirdə daha sərt tədbirlər görüləcəyini bildirib.
Qeyd edək ki, Çiçarito 2009-2019-cu illərdə Meksika yığmasının şərəfini qoruyub. O, 52 qolla milli komandanın bombardiridir.