
“Yaxşı oyun oldu, 2 qol vurduq. Nəticədən razıyıq. Təkrar oyuna hazırlaşmaq üçün vaxtımız var”.
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade Bakıda Yunanıstan "Aris"ini 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Sabiq “Qarabağ”lı “Aris”i mübarizədən kənarlaşdırmağın asan olmayacağını vurğulayıb: “Çalışacağıq ki, ən azı Bakıdakı kimi oynayaq. Səfərdə bizi daha bir çətin matç gözləyir. “Aris” öz meydanında cütün taleyini xeyrinə həll etməyə çalışacaq. Görüşə çox yaxşı hazırlaşmalıyıq. İlk oyunda qalib gəlsək də, cəmi 1 top üstünlüyümüz var. Addım-addım irəliləyirik. Bugünkü kimi əzmkar olmalıyıq. Şanslar bərabərdir”.
Andrade "Aris"in vurduğu ilk qoldan əvvəl komandasının lehinə penaltinin verilmədiyinə dair iddialara da münasibət bildirib: Deyirlər ki, orada penalti var idi. Amma məncə, deyildi. Bu barədə çox danışmaq istəmirəm. Növbəti oyunu düşünməliyik".
32 yaşlı oyunçu qələbə topunun müəllifi olmasından da danışıb: "Qolum baxımlı alındı. İlk matçda qələbə topunun müəllifi olmaq sevindiricidir. Qarşıdakı görüşlərdə də “Araz-Naxçıvan”a faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
Xatırladaq ki, cavab görüşü iyulun 31-də olacaq.