
"Matça istədiyimiz kimi başlamadıq. Görüş çətin şərtlər altında keçdi".
Bunu Sportnet.az-a açıqlamasında Yunanıstan "Aris"inin futbolçusu Noa Fadiqa Bakıda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
Seneqallı müdafiəçinin fikrincə, komandasının məğlubiyyəti iki amilin nəticəsində baş verib: "Əvvəla, konsentrasiyamızı itirdik, digər tərəfdən, "Araz-Naxçıvan"ın etməyə çalışdığı hər şey uğurlu alındı".
Lakin 26 yaşlı yeni transferin fikrincə, yekun nəticə növbəti mərhələyə ümid yaradır: "Bu hesab azarkeş amilini də nəzərə alaraq, Salonikidəki cavab görüşünə ümidli çıxmağımıza imkan verir. Əminəm ki, komandamızın səviyyəsi sayəsində uğura nail olacağıq".
Qeyd edək ki, cavab görüşü iyulun 31-də Saloniki şəhərindəki "Kleantis Vikeledis" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.