
Yunanıstan "Aris"i "Araz-Naxçıvan"la UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda bir sıra dəyişikliklər edəcək.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Saloniki təmsilçisinin baş məşqçisi Marinos Uzunidis Bakıdakı ilk oyunda məğlubiyyətin ardından cavab görüşünə fərqli start heyətlə başlamaq fikrindədir.
57 yaşlı mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları görüşdə mərkəz müdafiəçiləri Yakub Brabets və Fabianodan narazı qalıb. O, Pedro Alvaru və ya Alvaro Texeroya ilk dəqiqələrdən şans verməyi nəzərdən keçirir.
Texero "Dalğa Arena"dakı matçın 77-ci dəqiqəsində meydana daxil olub, Alvaruya isə oynamaq fürsəti verilməyib.
Uzunidis həmçinin hücum xəttində də dəyişiklik etmək istəyir. O, 61-ci dəqiqədə meydana daxil olan Yannis Yanniotasın performansından razı qalıb. 32 yaşlı hücumçu cavab qarşılaşmasının ilk "11-liy"ində olacaq.
Uzunidisin ən çox narazı qaldığı mövqe isə yarımmüdafiədir. O, yeni transferlər Uroş Raçiç və Fredrik Yensenin çıxışını bəyənməyib. Hər iki oyunçunun komandaya uyğunlaşmaması "Aris"in tempə və topa sahib olmağa nəzarət edə bilməməsi ilə nəticələnib. Baş məşqçinin "Araz-Naxçıvan"la cavab oyununda qalib gəlmək üçün Raçiç və ya Yensenin əvəzinə daha təcrübəli oyunçunu meydana buraxacağı gözlənilir.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" matçı iyulun 31-də keçiriləcək. Kleantis Vikelidis adına Saloniki şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.