
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Hayduk" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az "index.hr" saytına istinadən xəbər verir ki, Split təmsilçisinin futbolçusu Marino Skelin sıradan çıxıb.
19 yaşlı mərkəz müdafiəçisi diz nahiyəsindən xəsarət alıb. Zədə ciddilik dərəcəsindən asılı olmayaraq, Skelin “Zirə” ilə cavab matçını buraxacaq.
Onun bərpa müddətinə ən azı 3 həftə vaxt lazım gələcək.
Skelinin zədəsi "Hayduk"un müdafiəsində vəziyyəti daha da çətinləşdirib. “Zirə” ilə cavab oyununda baş məşqçi Qonsalo Qarsiyanın yalnız Zvonimir Şarliya və gənc Branimir Mlaçiç seçimi var. Mlaçiç Split təmsilçisinin heyətində debüt edə bilər.
"Hayduk"un digər müdafiəçilərindən Filip Uremoviçin Yaponiya klublarından birinə transfer olacağı gözlənilir. İlk matçı cəza üzündən buraxan Uremoviç adı açıqlanmayan kluba keçidini tamamlamaq üçün Yaponiyaya gedib. Komandaya yeni cəlb olunan Ron Raci cavab oyununda iştirak edə bilməyəcək.
Qarsiyanın seçimləri arasında bir neçə həftədir virusla mübarizə aparan Ismael Diallo, ötən ilin fevralından bəri rəsmi matçda iştirak etməyən Mihael Japer və nominal müdafiəçilər Fran Karaçiçlə Dario Melnyak da var.
"Polyud" stadionunda təşkil olunacaq matça Şarliya ilə Mlaçiçin əsas heyətdə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Hayduk" - "Zirə" oyunu iyulun 31-də keçiriləcək. Komandalar arasında Bakıda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.