
"Çətin oyunun və az azarkeşimizin olacağını bilirik. Amma qarşılaşmaya çox yaxşı hazırlaşmışıq, tam formadayıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Ruan Renato Xorvatiyada "Hayduk"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi vacib qarşılaşmada özü və komanda yoldaşlarının əllərindən gələni edəcəklərini bildirib: "Komandamızın bir neçə əsas oyunçusu çıxış edə bilməyəcək. Amma inanıram ki, onların yerinə oynayacaq futbolçular bu boşluğu lazımınca dolduracaqlar".
Qeyd edək ki, bu gün Split şəhərindəki "Polyud" stadionunda keçiriləcək "Hayduk" - "Zirə" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.