
“Öncə hər kəsi - azarkeşləri, futbolçuları və rəhbərliyi təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə Moldova "Petrokub"una 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssisin sözlərinə görə, hər şey komandasının əlində idi: "İlk oyunda qazanılan 2;0 hesablı qələbə bizi rahatlaşdıra bilər deyə narahat idim”.
O, məşqçilər korpusunun cavab oyununa hazırlaşması barədə söz açıb: “Əsas məqsədi komandanı daha da inkişaf etdirmək və rahatlaşmalarına imkan verməmək idi. Oyuna tez başladıq. İlk görüşlə müqayisədə texniki düzülüşümüz fərqli idi. 2-ci qoldan sonra bir az rahatlanma oldu. Amma daha sonra toparlanaraq iki qol vurmağımız xoşuma gəldi. Əlbəttə ki, 4-cü qoldan sonra mərhələni adlayacağımız hamıya bəlli idi. Amma ikinci hissədə bəzi nüanslar baş verdi ki, bunlar bizim inkişafımıza kömək edəcək”.
Baş məşqçi matçın onların oyununa töhvə verəcəyini söyləyib: “Baxmayaraq ki, ilk hissədən sonra öndə idik, amma qapıçılarına qarşı edilən pressinq xoşuma gəldi. İkinci hissədə topa nəzarət bizim tərəfimizdə idi, amma rəqibin üçüncü zonasında istədiyim kimi çıxış etmirdik. Düzdür mərhələ adlamışıq, amma növbəti rəqimiz daha da güclü olacaq. Artıq sabahdan məşqlərə başlayacağıq”.
Dambrauskas hələlik Konfrans Liqasının əsas mərhələsini düşünmədiklərini vurğulayıb: “Bu, nərdivandır. 4 pilləkənin sadəcə olaraq bir addımını atmışıq. Bu oyun bizə çoxlu informasiya verdi ki, nələri düzəltməliyik”.