
"Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik".
Sportnet.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, ilk görüşə yaxşı hazırlaşdıqlarını qeyd edib: "Biz öz gücümüzə inanırıq. Ümid edirik ki, Çempionlar Liqasında yolumuza davam edəcəyik. "Qarabağ" güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Bunun üçün şansımız var. Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. İlk matç hər şeyi həll etməyəcək. Komandam “Qarabağ”a, hər şeydən öncə isə daşıdığı formaya hörmət edir".
O, şansları belə dəyərləndirib: “Ən yüksək səviyyədə mübarizə aparmalıyıq. Şansımızın olduğuna inanıram. Lakin oyun vaxtı maksimum dərəcədə konsentrasiyalı və aqressiv olmalıyıq. Bu matç hər şeyi həll etməyəcək, amma müsbət nəticə bizə cavab görüşü üçün çox kömək edəcək".
Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.