
Azərbaycanı Avropada təmsil edən klublardan yalnız "Zirə" mübarizəni erkən dayandırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəcə Xorvatiya təmsilçisi "Hayduk"a ümumi hesabda (1:1; 1:2) uduzaraq turnirlə ən azı bir mövsümlük vidalaşıb.
"Qartallar"ın portuqaliyalı qapıçısı Tiaqo Silva Sportnet.az-a müsahibəsində cavab görüşündəki məğlubiyyətin səbəbləri, Premyer Liqada da əsas heyət üzvünəçevrilmək imkanları barədə danışıb:
- Komandanızın UEFA Konfrans Liqasındakı mübarizəsi başa çatdı. Ümumilikdə bu təcrübə və “Hayduk”a qarşı hər iki oyun barədə nə deyərdiniz?
- Fikrimcə, “Hayduk”la hər iki oyunda biz daha üstün idik. Topa daha çox nəzarət etdik və oyunun axarını müəyyənləşdirdik. Amma “Hayduk” daha effektiv oynadı və futbolda kim daha çox qol vurursa, o da qalib gəlir. Biz daha yaxşı olmaq üçün çalışmalı, yaratdığımız yaxşı epizodları qolla tamamlamalıyıq.
- Taktiki baxımdan onların çətin rəqibə çevrilməsinin səbəbi nə idi?
- Ən əsası, 30 min azarkeş qarşısında oynadıq. Düşünürəm ki, bu qədər böyük rəqibə qarşı oyun təcrübəsi bizə yalnız fayda verəcək. Ümid edirəm ki, gələcəkdə bizim çempionatda da bu qədər çox azarkeşin izlədiyi oyunlarımız olacaq.
- Mübarizəni erkən dayandırmağınıza baxmayaraq, uzun fasilədən sonra meydana qayıtdınız. Təxminən bir illik fasilədən sonra qayıdışınızı və hər iki oyundakı performansınızı necə dəyərləndirirsiniz?
- Yay aylarında Portuqaliyada çox ciddi hazırlaşdım. Bilirdim ki, mənim şansım gələcək və bu fürsətə hazır olmalıyam. Yaxşı çıxış etdim, komandaya inam verdim. Nəticə məni məyus etsə də, bir illik fasilədən sonra yenidən meydana dönməyim, özümü yaxşı və inamlı hiss etməyim məni çox sevindirdi.
- Ötən mövsüm “Osiyek”lə Konfrans Liqasının III təsnifat matçında penalti seriyasında 4 zərbəni qaytararaq, “həftənin ən yaxşı qapıçısı” seçilmişdiniz. Ümumilikdə, ötənilki avrokubok təcrübəsi bu mövsüm sizə nə dərəcədə kömək etdi?
- Keçmiş artıq arxada qalıb, əsas olan gələcəkdə nə edəcəyimdir. Əsas məqsədim Azərbaycanın ən yaxşı qapıçısı olmaq və komandama hədəflərinə çatmaqda kömək etməkdir.
- Bu dəfə də belə bir ssenariyə hazır idinizmi?
- Əlbəttə, penaltilərlə bağlı da hazırlıqlı idim. "Hayduk" futbolçularının hara zərbə vuracağını araşdırmışdım. O mərhələyə gedib çıxmadıq. Çıxsaydıq, penaltilərdə qələbə qazanacağımıza inanırdıq.
- Bəziləri uzun müddət rəsmi matçlarda çıxış etmədiyiniz halda, Konfrans Liqasında start heyətində oynatdığı üçün Rəşad Sadıqovu tənqid edir. Oyun praktikasının azlığı sizə çətinlik yaratdı?
- Baş məşqçi necə çalışdığımı, formada olduğumu görürdü. Rəşad Sadıqov məni yaxşı tanıyır. Bilirdi ki, bir il oynamasam da, bu sınağa hazıram.
- “Hayduk”la cavab görüşündə rəqibin ikinci qolu zamanı səhv etdiyinizi və ya fərqli davransaydınız, nəticəyə təsir edəcəyinizi düşünürsünüz?
- Düşünürəm ki, ciddi səhv etmədim. Amma əlbəttə, hər zaman öz üzərimdə işləmək və inkişaf etmək üçün imkanlar var. Oyunumu analiz edəcəyəm ki, daha da yaxşı olum.
- Quima cavab görüşündə qırmızı vərəqə almasaydı, hər şey fərqli ola bilərdi?
- Bilmirəm. “Hayduk”un keyfiyyətli futbolçulara sahib olduğunu da etiraf etməliyik. Bu nəticə bizim zəifliyimiz yox, onların gücü idi. Rəqibi təbrik edirəm.
- “Zirə” Azərbaycan çempionatında rəqiblərin “gözünün odunu alıb”. Amma avrokuboklarda heç bir mərhələ də keçmədi. Rəqib fərqli olsaydı, “Zirə” bu heyətlə qrup mərhələsinə yüksələ bilərdi?
- Azarkeşlər anlamalıdırlar ki, biz çətin mərhələdəyik. Komandadan Salifu Suma və Rafael Utziq kimi iki əsas oyunçunu itirmişik. Bu səbəbdən, komanda uyğunlaşmalı və yeni güclü tərəflərini tapmalıdır. Mövcud heyətimizə tam inanıram. Hətta “Zirə-2” ilə belə oynasaq, əsas olan klubun mentalitetidir. Bizim mentalitet isə son saniyəyə qədər qələbə üçün mübarizə aparmaqdır.
- İndi diqqət yenidən Premyer Liqaya yönəlir. Legioner limiti olmadan və daha rəqabətli liqa fonunda daha çox oyun şansı qazanacağınızı gözləyirsinizmi və baş məşqçi Rəşad Sadıqovla buna dair söhbətiniz olubmu?
- Baş məşqçinin mənimlə nəsə danışmasına ehtiyac yoxdur. O, komanda üçün ən düzgün qərarları verəcək. Düşünürsə ki, mən faydalı ola bilərəm, hər zaman hazıram.
- Yeni mövsümə hansı məqsəd və əhval-ruhiyyə ilə başlayacaqsınız?
- Hamı bilir ki, çox rəqabətciləm. Hər oyunda meydanda olmaq istəyirəm. Dediyim kimi, mən hər gün Azərbaycanın ən yaxşı qapıçısı olmaq üçün çalışıram. Bilirəm ki, Azərbaycan xalqına hələ göstərəcəyim çox şey var.