
“Rəqib komandada bu mövsüm ciddi fərq hiss olunur. Yeni baş məşqçi Henninq Berq komandaya fərqli bir fəlsəfə gətirib".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli yarımmüdafiəçinin sözlərinə görə, "Omoniya" aşağı yaş qruplarından əsas komandaya cəlb olunan istedadlı futbolçularla birlikdə daha çevik və dinamik oynayır: "Əvvəlki illərlə müqayisədə daha sürətli və aqressiv futbol sərgiləyirlər. "Qarabağ"la oynadığımız "Omoniya" ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşür. Hücum xətti və fəlsəfə tamam başqadır. Biz də bu fərqləri nəzərə alaraq ciddi şəkildə hazırlaşmışıq".
Qarayev “Araz-Naxçıvan"ın komanda kimi yaxşı formada olduğunu da diqqətə çatdırıb: "Ötən mərhələni keçməyimiz bizə psixoloji baxımdan müsbət təsir etdi. Hazırda həm təlim-məşq toplanışında, həm də oyunlara hazırlıq prosesində ciddi şəkildə çalışırıq. "Omoniya" dinamik və sürətli futbol sərgiləyən komandadır. Amma biz ev oyununda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Sabah inamlı nəticə əldə etməyə çalışacağıq".
O, pley-off hədəfinə çatmaq üçün əllərindən gələni edəcəklərini diqqətə çatdırıb: "Qarşıdakı oyunda da qələbə üçün maksimum çalışacağıq. Futbol kağız üzərində göründüyü kimi olmur – bəzən üstün görünə bilərsən, amma bu oyunda hər şey mümkündür. Biz də bunun fərqindəyik və səhvə yol verməmək üçün tam ciddiyyətlə hazırlaşırıq. Komandamızın fiziki durumu hazırda yüksək səviyyədədir. Sabah azarkeşlərimizin dəstəyi ilə bu üstünlüyü maksimum səviyyəyə çatdırmağa çalışacağıq. Onların tribunadakı dəstəyi bizə əlavə güc verir".
Qarayev ehtiyatda qalmasından narahat olmadığını da vurğulayıb: "Bu məni narahat etmir. Əsas məsələ komandanın uğurudur. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında istənilən anda komandaya xidmət etməyə hazıram".
Təcrübəli futbolçu "Araz-Naxçıvan"da mərhələ keçmələrini "Qarabağ"dakı ilk illəri ilə müqayisə edib: "Əlbəttə, komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki mərhələ keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq Liqa mərhələsini istəsək, bunun üçün böyük təcrübə və zaman lazımdır. Bənzərlik var. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq Liqa mərhələsində oynamaq fürsəti əldə edərik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması 7 avqustda saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada keçirəcək.