
“Biz qalib gələ, uduza və ya heç-heçə edə bilərik. Amma oyunçuların meydanda otu da yeyəcəklərinə təminat verirəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la oyunöncəsi mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis futbolçularının qarşılaşmaya maksimum motivasiya ilə çıxacaqlarını bildirib: “Georgi Kostadinov və Kristian Dimitrovun oynayacağı barədə hələ qərar verməmişik. Hələ vaxt var. Qarşıdakı matç bizim üçün çox vacibdir. İsrailin “Hapoel Beer Şeva” və Portuqaliyanın “Braqa” komandaları ilə görüşlərdə olduğu kimi, bu dəfə də oyuna ciddi yanaşmalıyıq.
Əksi böyük səhv olar. Rəqibə hörmətlə yanaşırıq və onları təhlil etmək üçün kifayət qədər vaxt ayırmışıq”.
Velaskes öz oyunlarına fokuslandıqlarını bildirib: “Qələbə istəyi ilə meydana çıxacağıq. Özümüzü favorit hesab etsək, o deməkdir ki, artıq uduzmuşuq. Qalib gələn komandalar iddialı, amma təvazökar olurlar. Kimlər ki, öncədən nəyəsə nail olduqlarını düşünürlərsə, hədəfə çata bilmirlər. "Sabah" ötən mövsümkü heyəti böyük ölçüdəqoruyub saxlayıb. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Topu çox ələ keçirsələr, bizə problem yarada bilərlər”.
Təcrübəli mütəxəssis “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın vaxtilə Bolqarıstanda işləməsinin onlar üçün heç bir fərq yaratmayacağını da qeyd edib.
Qeyd edək ki, tərəflər arasında ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-də Bakıda keçiriləcək