
“Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm”.
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə Bolqarıstan "Levski"sinə 0:1 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
48 yaşlı mütəxəssis rəqibə qarşı uzun müddət yaxşı mübarizə apardıqlarını bildirib: “Levski” səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik".
O, ikinci hissədə rəqibin üstünlük əldə etdiyini söyləyib: “İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer – bu gün orada möhtəşəm atmosfer var idi – bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi”.
Dambrauskas ikinci hissədə iki real qol şanslarının olduğunu vurğulayıb: “Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”.
Litvalı baş məşqçi yerli jurnalistin “Sabah”ın vaxtı uzatması ilə bağlı verdiyi sualı cavablandırıb: “Bu barədə məndən soruşmaq absurddur. Matç 100 dəqiqə davam etdi, yorğun idik, Bakıdan Sofiyaya gəlmişik, oteldən stadiona 10 dəqiqəyə çata bilmərsən. Sualınızı zarafat kimi qəbul edirəm, amma hər zarafatda bir həqiqət var. Futbolçularıma baxın, onların həqiqətən tibbi yardıma ehtiyacı var. UEFA Çempionlar Liqasında və dünya çempionatında belə hər kəsin öz məqsədi olur, hər bir komanda qalib gəlmək istəyir. Əgər “Levski” Portuqaliya “Braqa” ilə belə oynayacaqdısa, mən sizin fikrinizi eşitmək istərdim. Siz yalnız “Sabah”ın oyunçularının hərəkətlərini şərh edirsiniz, öz futbolçularınızdan danışmırsınız, amma onların da əvəzlənməyə ehtiyacı var idi”.