
"Bütün futbolçuları və bu görüşdə komandaya dəstək olan hər kəsi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın “Levski” baş direktoru Daniel Borimirov evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
55 yaşlı funksioner komandanın sevinməyə layiq olduğunu söyləyib: "Amma sabahdan fikrimizi bazar gününə, Bolqarıstan çempionatının "Spartak"la oyununa yönəltməliyik. "Sabah"la oyundan aldığımız emosiyalar və hər şeyi bazar gününə keçirməliyik".
O, "Sabah"ın oyununu tənqid edib: "Onlar yaxşı təşkil olunmuş kollektivdir. Lakin biz demək olar ki, 100 dəqiqə ərzində tempi aşağı salmadıq. Rəqib futbolçuların artıq ayaqları tutulmağa başlayırdı. Bolqarıstanda "Slaviya" ən çox vaxt uzadan komandadır, amma bu gün gördüklərimə inanmadım - bir epizoda "Sabah"ın üç futbolçusu yerə yıxıldı. Müasir futbolda bunlar baş verməməlidir".
Bolqarıstan millisinin veteran futbolçusu məqsədlərinin məhz qələbə qazanmaq olduğunu açıqlayıb: "İnkişaf etmək istəyirik, çünki biz daha güclü "Levski" görməliyik. Öz azarkeşlərimizi oyunumuzla sevindirmək istəyirik, onları təbrik edirəm və həmişə komandanı belə dəstəkləməyə çağırıram".
Funksioner komandanın baş məşqçisi Xulio Velaskesdən razılıq ifadə edib: "Bu, komanda işidir, bu, Xulio Velaskesin işidir. Mən şadam ki, o, uğur qazandı. Onu ilk zamanlar neqativlə qarşılayırdılar, lakin zaman və işi ilə göstərdi ki, o, bizim dəstəkləyə biləcəyimiz və dəstəkləməli olduğumuz peşəkardır".
Qeyd edək ki, "Sabah"la "Levski" arasında cavab oyunu avqustun 14-də Bakıdakı Əlincə stadionunda keçiriləcək.