
“Ağır oyundan sonra zədələrin olması normaldır”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
Litvalı mütəxəssis futbolçuların matça tam hazır olduğunu bildirib: “Əllərindən gələni məşqdə etməyə çalışırlar ki, yaxşı nəticə əldə edə bilsinlər. İstədiyimiz 11-liyi görə biləcəyik”.
O, “Levski”ni müdafiə cəhətdən çox təşlilatlanmış komanda adlandırıb: “Hansı oyun modelini seçsək də, bizim üçün çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, hücum cəhətdən riskə getmək bahasına da olsa yaxşı nəticə əldə edək”.
48 yaşlı baş məşqçi Bolqarıstandakı ilk oyunun çətin keçdiyini söyləyib: “Bizi çox yaxşı nəticədən 7-8 saniyə ayırdı. Cavab oyununda bizə heç-heçə də bəs etməyəcək. Meydana qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, “Sabah” - “Levski” oyunu avqustun 14-də Əlincə Arenada (Bank Respublika Arena) keçiriləcək. Tərəflər arasında ilk görüş Masazır təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib.