
"Sabah"a qarşı yaxşı hazırlaşmışıq".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" klubunun baş direktoru Daniel Borimirov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
55 yaşlı funksioner matçda qalib gəlmək üçün taktiki cəhətdən yaxşı oynamalı olduqlarını bildirib: "Bizim üçün ən vacibi odur ki, baş məşqçi Xulio Velaskes sabah yerinə yetirilməli tapşırıqları düzgün seçsin".
O, matçı zədə səbəbindən buraxacaq Mustafa Sanqare barədə də söz açıb: "Sanqare fiziki cəhətdən çox yaxşı hazırlanmış futbolçudur. Məncə, onu ən azı iki rəqib futbolçu zərərləşdirməli olacaqdı. Velaskes "Sabah"ı yaxşı analiz edib. Onun ən yaxşı seçim edəcəyinə inanıram".
Borimirov mərhələ adlamağın əhəmiyyətli olduğunu söyləyib: "Sabah"ı keçməyimiz ümumilikdə Bolqarıstan futbolu üçün vacibdir. Ümid edirəm ki, digər komandalarımız da mübarizəni davam etdirəcək".
Qeyd edək ki, "Sabah" - "Levski" matçı avqustun 14-də Əlincə stadionunda keçiriləcək. Komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.