
“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir".
Sportnet.az xəbər verir ki, bunu Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, komandası doğma meydanda böyük hesabla məğlub olsa da, daha yaxşısını edə bilərlər: "Sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik".
Baxşıyev bildirib ki, havanın temperaturu Bakı ilə demək olar, oxşardır: "Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu, futbolçulara problem yaratmamalıdır”.
Qeyd edək ki, avqustun 14-də GSP stadionunda keçiriləcək "Omoniya" - "Araz-Naxçıvan" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.