
"İlk növbədə, futbolçularımı təbrik edirəm. Çox gərgin oyunun olmasına baxmayaraq, bu qədər azarkeş önündə sonadək dözdülər, qələbə üçün ən düzgün və ən uyğun olanını etdilər".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis azərbaycanlı və yerli azarkeşlərə təşəkkürünü bildirib: "Öz azarkeşlərimiz bizi heç vaxt tək buraxmadılar. “Ferentsvaroş” komandası qarşısında belə möhtəşəm dəstək oldu, stadionda çox gözəl atmosfer yarandı".
Qurbanovun fikrincə, hesabda üstünlükləri olsa da, bu komandasını aldatmamalıdır: "Bəli, üstünlüyümüz var, amma Bakıdakı oyunda daha ciddi və daha diqqətli olmalıyıq. Çünki rəqibin elə oyun üstünlüyü var ki, heç nədən qol vurma qabiliyyətinə malik futbolçulara malikdir. Hər bir halda, cavab görüşündə daha ciddi olacağıq və şansımızdan maksimum yararlanmağa çalışacağıq".
O, 29-cu dəqiqədə top buraxdıqdan sonra oyundakı üstünlüyü hissənin sonlarınadək davam etdirə bilməmələrinin səbəbini belə izah edib: "Deməzdim ki, buraxdığımız qol bizi həvəsdən saldı. Ümumiyyətlə, xüsusən səfərdə qol buraxanda, komandada həyəcan çoxalır. İlk qol buraxdıqdan sonra 10-15 dəqiqə ərzində bir qədər təzyiq altında olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq və ikinci hissədə daha da riskə getdik, çünki uduzurduq. İlk hissədə bərabərlik qolunu vurmaq istəyirdiksə, ikinci hissədə daha çox qol vurmağa həvəsli olduq. Amma dediyim kimi, istəməzdik ki, qol buraxaq. Mənim futbolçularımdan tələbim maksimum çalışaraq, rəqib qapısına qol vurmaqdır".
"İki topluq üstünlüyünüz var, özünüzü cütün qalib kimi hiss edirsiniz?" sualına Qurbanovun cavabı belə olub: "Qətiyyən yox! Bu, Çempionlar Liqasının oyunudur. Qarşımızda çox ciddi rəqib və istəkli, məğlub olmağı xoşlamayan baş məşqçi var. Rəqib istənilən standart vəziyyətdə, istənilən hücumda qol vurma qabiliyyətinə və oyun üslubuna malikdir. , Biz Bakıdakı oyunda daha ciddi olmalı və arxayınlaşmalı deyilik. Çünki hər buraxılan qol komandada istər-istəməz inamsızlıq yaradır. Ona görə də Bakıdakı qarşılaşmada daha ciddi olmalı, bu oyunu bayram etməli deyilik".