
Ukrayna millisi Fransa və Azərbaycana qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarının hazırlıqlarına başlayıb.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri Polşanın Opalenitsa şəhərində yığışıblar.
Ukrayna çempionatında çıxış edənlər düşərgəyə Varşava qatarı, oradan da avtobusla gəliblər. Legionerlər isə kollektivə birbaşa Polşada qoşulublar.
Bu məkanda "sarı-göylər" sentyabrın 4-dək məşq edəcək, daha sonra Fransa ilə matçın keçiriləcəyi Vrotslav şəhərinə üz tutacaqlar. Qarşılaşma sentyabrın 5-də olacaq. Ertəsi gün də Polşada hazırlıq keçəcək Sergey Rebrovun baş məşqçi olduğu kollektiv Bakıya sentyabrın 7-də gələcək.
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da başlanacaq.