
"Sabah"ın keçmiş məşqçisi, hazırda Ukraynanın əsas millisinin köməkçi-məşqçisi vəzifəsində çalışan Qleb Platovun adı böyük cinayət işində hallanır.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli bloger Viktor Vatsko açıqlama verib.
O bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti U-21 yığmasının məşqçisi Kirill Mazurun mənzilində axtarış aparıb. Vatskonun fikrincə, cinayət işindəki fiqurlardan biri də əsas millinin baş məşqçisi Sergey Rebrovun köməkçisi Qleb Platovdur.
Bloger təfərrüatları açıqlamasa da, söhbətin çox ciddi işdən getdiyini əlavə edib: "Sadəcə, düşünün. Ukrayna Təhlükəsizlik Xidmətinin axtarışlarının nə demək olduğunu başa düşürsünüz? Bu, o deməkdir ki, Ukrayna yığmasının məşqçilər heyətinin üzvlərinin adlarının hallandığı sanksiya və cinayət işi var. Buna görə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkonun fəaliyyətinə kölgə düşə bilər".
Platov 2020-ci il iyulun 12-dən 2021-ci il iyunun 30-dək "Sabah"ın ovaxtkı baş məşqçisi Visente Qomesin köməkçisi kimi çalışıb.
Xatırladaq ki, Ukrayna millisi sentyabrın 5-də Polşada Fransanı qəbul edəcək. Sergey Rebrovun baş məşqçi olduğu kollektiv sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.