
Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi yer müəyyənləşib.
Bu barədə Sportnet.az-a PFL-in Texniki İdman direktoru Elgiz Abbasov məlumat verib.
Onun sözlərinə görə, həlledici qarşılaşma mayın 13-də "Neftçi Arena"da baş tutacaq: "Həm klub, həm də stadion rəhbərliyi ilə səmərəli görüş keçirdik. Onlar Azərbaycan Kubokunun finalının bu arenada baş tutması ilə bağlı bizə tam dəstək verəcəklərini bildirdilər. Stadion 8-9 min tamaşaçı tutumuna malikdir, müəyyən yenidənqurma işləri aparılıb. Arena finalı qəbul etməyə tam hazırdır".
Abbasov bildirib ki, Azərbaycan Kubokunun final oyununu bayram ab-havasında keçirmək PFL üçün prioritet olub: "Bu, həmişə mövsümün bir nöqtəsi anlamında başa düşülür. Əvvəlki oyunların açılış və bağlanış mərasimlərinin büdcəsi o qədər də yüksək olmayıb. Sadəcə, orada daha çox ideya məsələsi bizim üçün vacib olub. Ötən mövsüm də Sumqayıtda keçirilmiş final da ideya üzərində açılış və bağlanış olmuşdu. Biz o ideyamıza sadiq qalacaq, finalda azarkeşlərə və jurnalistlərə futbol bayramı bəxş edəcəyik".
PFL rəsmisi 34 komandanın qatılacağı mübarizənin finalının mövsümün sonuna iki tur qalmış baş tutacağını xatırladıb: "Bunun bir sıra səbəbləri var. 2013-cü ildən Avropa Peşəkar Futbol Liqalarının tamhüquqlu üzvüyük. Onlarla mütəmadi müzakirələr aparır və qabaqcıl futbol ölkələrinin təcrübələrini Premyer Liqada və digər liqalarda, kubok yarışlarında tətbiq etməyə çalışırıq. Belə olacağı təqdirdə, klublar daha intensiv və yaxşı, pik formada olduqları vaxt final matçına çıxacaqlar. Eyni zamanda, mövsüm yekunlaşdıqdan sonra milli komandaların oyunları öncəsi daha çox istirahət imkanı əldə edəcəklər".