
"Kəpəz"in kapitanı Əli Səmədovun səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Bu mövsüm ardıcıl 5-ci oyunda məğlub oldunuz. Matçı necə dəyərləndirərdiniz?
- Oyuna qələbə qazanmaq üçün gəlmişdik, hazırlığımız da bundan ötrü idi. Lakin istədiklərimizi edə bilmədik, oyun boyunca bizə yaraşmayan səhvlərə yol verdik.
- Böyük hesablı məğlubiyyət sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- “Qəbələ” bizimlə birbaşa rəqabətdə olan komandadır, onlarla rahat oynaya bilərdik. Fərdi olaraq deyə bilmərəm ki, bizdən daha keyfiyyətli futbolçuları var, sadəcə səhvlərimiz çox oldu və nəticədə məğlubiyyətlə üzləşdik. Gözləmirdik.
- Baş məşqçi Adil Şükürov mətbuat konfransında bildirdi ki, komandada təzyiqə dözüm azdır. Bu, nə ilə əlaqədardır?
- Düzdür, bir az basqı olduqda səhvlərə yol veririk. Bunun üzərində işləməliyik. Komanda daxilində bu barədə söhbətlərimiz olur. Bunu düzəltməyə çalışırıq. Təəssüf ki, hələlik əlimizdən gələnin hamısını edə bilmirik. Toparlanmaq lazımdır. Belə gedəsi deyil.
– Oyun bitdikdən sonra azarkeşlərlə aranızda nə baş verdi?
- Azarkeşləri başa düşürəm. Komanda bir neçə turdur böyük hesabla məğlub olur. Ona görə də aqressivdirlər. Həmişə belə olub. Mən özüm də gəncəliyəm, neçə illərdir buradayam. Başa düşüləndir, tələb edirlər ki, qələbə olsun. Nəticə olmayanda, məğlubiyyətlər ard-arda gələndə azarkeşlərin də tələbi belə olmalıdır. Normaldır, başa düşürəm.
Haşım MƏMMƏDOV