
"Vaqif Cavadovun açıqlamaları ilə əlaqədar mən bir söz demək istəmirəm. Onu qoyaq qırağa, çox istədiyim insandır, bir yerdə oynamışıq. Onun sözlərində yanlışlıq olduğunu fikrimdən də keçirmək istəmirəm".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov Ramil Şeydayevin komandadan göndərilməsi ilə əlaqədar hazırda "Sumqayıt"ın əvəzedicilərdən ibarət heyətinin baş məşqçisi olan Vaqif Cavadovun mövqeyi ilə bağlı danışarkən deyib.
47 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Şeydayevə yeni həyat verəcəyinə inandığını bildirib: "Razıyam, Qurban Qurbanov kimi düzəltməyib ki?! Ramili də düzəldəcək. Şeydayev orada özünü xoşbəxt hiss edəcək. Çünki o, doğrudan da yaxşı futbolçudur".
Abasovun fikrincə, hər bir futbolçunun öz komandası var: "Bunu dəfələrlə demişəm, şablon sözə çevrilib. Ümidvaram ki, Ramil "Qarabağ"da yenə əvvəllər tanıdığımız futbolçuya çevriləcək. Hərənin bir klubu var. Şeydayev "Qarabağ"dan sonra Tailandın "Buriram Yunayted", Türkiyənin "Rizespor" komandalarında da pis oynamışdı. Eyni şeyi Kadi barədə də demək olar. "Krasnodar" və "Ferentsvaroş"dakı çıxışı ilə müqayisə etsək, görürük ki, yenidən qayıtdığı "Qarabağ"da elə əvvəlki Kadidir. Bunlar onu göstərir ki, hər bir futbolçunun öz komandası var. Bu da Qurban Qurbanovun biliyi, savadı və peşəkarlığı sayəsində mümkün olub. Yenə də Ramilə uğurlar arzulayıram".
"Neftçi"nin baş məşqçisi "Bəs Emin Mahmudovu kim düzəltdi?" sualını isə belə cavablandırıb: "Samir".
Qeyd edək ki, Ramil Şeydayev sentyabrın 18-də "Qarabağ"la 1 illik müqavilə bağlayıb.