
Fransanın "Nitsa" klubunun müdafiəçisi Dante UEFA Avropa Liqası tarixində ən yaşlı meydan oyunçusu olub.
Sportnet.az-ın məlumatına görə, braziliyalı futbolçu buna Liqa mərhələsinin ilk tur matçında meydana çıxmaqla nail olub.
İtaliya "Roma"sına qarşı ev oyununda start heyətdə yer alan kapitan 41 yaş 11 ay 6 günlüyündə olub. Oktyabrın 18-də onun 42 yaşı tamamlanacaq.
Təcrübəli müdafiəçi əvvəllər "Lill", "Şarlerua", Belçikanın "Standard", Almaniyanın "Borussiya" (Mönhenqladbax), "Bavariya" və "Volfsburq" komandalarında çıxış edib.
Qeyd edək ki, Dante Avropa Liqası tarixinin üçüncü ən yaşlı futbolçusu olsa da, meydan oyunçuları arasında ən yaşlısıdır. Ondan yuxarıda iki qapıçı - 2014-cü ildə 42 yaş 10 ay 2 günündə İngiltərə "Tottenhem"ində çıxış etmiş Bred Fridel və 2012-ci ildə Niderland "Tvente"sində 42 yaş 1 ay 2 günündə forma geyinmiş Sander Bosker qərarlaşıb.
"Roma" ilə görüş "Nitsa"nın məğlubiyyəti ilə yekunlaşıb - 2:1.