
"FIFA Şurasının qərarı ilə 20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatının Özbəkistanla bərabər Azərbaycana da həvalə olunması dövlətimizə olan etibarın nümunəsi, göstiricisidir. Əminik ki, qardaş ölkə Özbəkistanla birlikdə keçirəcəyimiz mundial həmişəki kimi, dövlətimizin köməyi ilə yüksək səviyyədə təşkil olunacaq".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, III MDB Oyunlarında Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisindən qızıl medal gözlədiklərini bildirib: "Belə turnirlər uşaqlar üçün çox lazımdır. Çünki onlar gələcəyin futbolçularıdır və belə yarışlarda öz peşəkarlıqlarını artırırlar. Uğurlu nəticələr isə gələcək üçün böyük motivasiya olur. Yığmamız bu yarışa yüksək hazırlıq prosesi keçib. AFFA prezidenti Rövşən Nəcəf səviyyəsində müxtəlif tapşırıqlar olub. Hazırlıq prosesinin nəticəsi olaraq, komandamız yüksək nəticə göstərir. Düşünürük ki, finalda qələbə bizim olacaq".
Hacıyev əsas milliyə baş məşqçi təyin olunan Ayxan Abbasovun müqaviləsinin detalları ilə bağlı danışmaq istəməyib: "Bu, başqa bir müsahibənin mövzusudur. Burada sırf MDB Oyunlarından sualları cavablandıra bilərəm".