
"Bizim ilk toplanışdan əsas hədəfimiz finala vəsiqə qazanmaq idi. Bu günə qədər hər şey planımıza uyğun gedirdi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarının finalında Rusiyaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis fiziki hazırlığın istənilən səviyyədə olmaması üzündən uduzduqlarını bildirib: "Rusiyanı yaxşı təhlil etmişdik, birinci hissədə istədiyimiz oyunu göstərdik, ikinci hissədə isə qollar vurmağı bacardıq. Lakin komandamızın ən böyük problemi fiziki durumun istədiyimiz səviyyədə olmamasıdır. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər. Onlarla qürur duyuram. Əminəm ki, bu komandadan A milliyə kifayət qədər oyunçu yetişəcək".
Nəbiyev hesabda öndə olduqları halda geri düşmələrinin səbəbini belə izah edib: "Biz məhdud seçim imkanları ilə komanda qurmuşuq. Rusiyanın heyətində isə daha keyfiyyətli və təcrübəli oyunçular var idi. Bizim futbolçuların beynəlxalq səviyyədə təcrübəsi azdır. Amma bu oyun bizim üçün dəyərli təcrübə oldu. İnanıram ki, bundan sonra daha çox çalışacaq və inkişaf edəcəyik".
Nəbiyev mükafatlandırma mərasimində huşunu itirən futbolçunun Rəsul Balakişiyev olduğunu da açıqlayıb: "Oyun öncəsi Rəsulun qidalanmasına kifayət qədər diqqət etməmişdik. Hazırda vəziyyəti yaxşıdır, həkimlərin nəzarəti altındadır".