
"Qəbələ" klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçı zamanı baş vermiş epizodu payaşıb.
Sportnet.az-ın məlumatına görə, video-görüntü oyunun 59-cu dəqiqəsində meydan sahibi komandanın futbolçusu Ronaldo de Souzanın topun qarşısını yıxılaraq, əllə kəsdiyi açıq-aşkar görünür.
"Qırmızı-qaralar" göz smaylikindən də istifadə edərək, sərt sual ünvanlayıb: Görəsən, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker bu epizodu görüb? Oyundan 2 gün keçib amma hələ də epizoda aydınlıq gətirməyib".
Qeyd edək ki, Ronaldo de Souzanın bu oyunun 14-cü dəqiqəsində sarı vərəqə alıb. 59-cu dəqiqədə də o, topun qarşısını əllə kəsdiyi üçün sarı vərəqə alsaydı, meydandan qovulacaqdı və "İmişli" oyunu azlıqda davam etdirəcəkdi. Həmin vaxt "Qəbələ" hesabda öndə idi - 2:0. Lakin baş hakim İnqilab Məmmədov Ronaldonu bu epizoda görə cəzalandırmayıb. "İmişli" isə oyunun sonlarında 2 qol vuraraq, məğlubiyyətdən yaxa qurtarıb.