"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin səfərdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyunu necə dəyərləndirirsiniz?
- “Sumqayıt” öz meydanında yaxşı çıxış edir. Biz də bu oyuna maksimum hazırlaşmışdıq. Oyun gərgin keçdi. Bəzi periodlarda biz, bəzisində rəqib üstün idi. Ümumilikdə isə 3 xal qazandığımız üçün şadıq və yolumuza davam edirik.
- “Sumqayıt” cari mövsümdə yeganə məğlub olduğunuz komanda idi. Bu baxımdan, səfər qarşılaşması sizin üçün prinsipiallıq daşımırdı?
- Əlbəttə, "Sumqayıt" uduzduğumuz komanda idi və buna görə də ikiqat ciddi hazırlaşmalı idik və bunu etdik. Çalışırdıq ki, qollar vuraq. Düzdür, rəqib də bəzi imkanlar yaratdı. Amma buna baxmayaraq, sonda 3 xalı biz qazandıq.
- Yəqin ki, baş məşqçi Qurban Qurbanovun noyabrın 26-da İtaliyada "Napoli"yə qarşı keçirəcəyiniz Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl bəzi tələbləri də var idi...
- Milli fasiləyə görə komanda bir az "dağılmışdı". Ona görə də böyük oyundan əvvəl bir yerdə çıxış etməyimiz vacib idi. "Sumqayıt"la görüş bizim üçün yaxşı təcrübə oldu. Qarşıda “Napoli”dir. Ümid edirəm ki, orada da yaxşı nəticə qazanacağıq”.
- Gərgin qrafikdə çıxış edəcəksiniz. Komandanızın durumu necədir?
- Artıq buna öyrəşmişik. Neçə ildir bu qrafikdə davam edirik. Ona görə də düşünürəm ki, sıx qrafik bizə problem yaratmır.
- İtaliya səfərindən azarkeşlər nə gözləsinlər?
- Əlbəttə, çətin səfərdir. Buna baxmayaraq, məqsədimiz xal və ya xallar qazanmaqdır. Bunun üçün çalışırıq. "Sumqayıt"la oyun bitdiyi üçün artıq bütün diqqətimizi "Napoli" ilə matça yönəltmişik. Ümid edirəm ki, oradan yaxşı nəticə ilə qayıdacağıq.
- 4 oyundan 7 xal toplamısınız və qarşıda 4 oyununuz da var. "Qarabağ"ın “24-lük" şanslarını necə dəyərləndirirsiniz?
- Əlbəttə, şanslarımız var. Buna baxmayaraq, rəqiblərimizin hamısı yaxşı komandalardır. Çempionlar Liqasında da yolumuza davam edirik. Məqsədimiz növbəti mərhələyə vəsiqədir. Nə qədər çətin olsa da, bunu etmək istəyir və bunun üçün çalışırıq.
Haşım MƏMMƏDOV





































































