Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarın 2026-cı il dünya çempionatına çağırılıb-çağırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis "Globo Esporte"yə açıqlamasında hər şeyin təcrübəli hücumçunun özündən asılı olduğunu bildirib.
O, DÇ-2026 üçün heyəti mayda açıqlayacağını diqqətə çatdırıb: “Başa düşürəm ki, sizi Neymar çox maraqlandırır. Situasiyanı aydınlaşdırmaq istəyirəm. Hazırda dekabrdır, dünya çempionatı isə iyunda olacaq. Heyəti mayda açıqlayanda Neymar oynamağa layiq, sağlam və digər oyunçularla eyni səviyyədə və ya daha yaxşı durumda olarsa, o, mundialda iştirak edəcək və nöqtə”.
33 yaşlı futbolçu 2023-cü ilin oktyabrından bəri yığmada çıxış etmir. Onun milli komandada 128 matçda 79 qolu və 59 məhsuldar ötürməsi var.
Xatırladaq ki, Braziliya millisi dünya çempionatının qrup mərhələsində Şotlandiya, Haiti və Mərakeşlə üz-üzə gələcək. mundial 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda iştirak edəcək və onlar 12 qrupa bölünüblər. Açılış oyununda Meksika və Cənubi Afrika Respublikası qarşılaşacaq.














































































