İngiltərə “Liverpul”unun baş məşqçisi Arne Slot ilə komandanın futbolçusu Məhəmməd Salah arasında görüş keçirilib.
Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, söhbət müsbət atmosferdə keçib və tərəflər əl sıxaraq ayrılıblar.
Dialoqdan sonra Salahın 13 dekabrda “Brayton”a qarşı Premyer Liqa matçında “qırmızılar”ın heyətinə daxil edilə biləcəyi istisna olunmur. Lakin klubdakı vəziyyət hələ tam həll edilmiş sayılmır. Misirli futbolçunun nümayəndələri ilə “Liverpul” arasında növbəti danışıqlar Afrika Millətlər Kuboku zamanı aparılacaq.
Eyni zamanda bildirilir ki, Slot – Salah görüşündən sonra hücumçunun qış transfer dönəmində komandadan ayrılma ehtimalı xeyli azalıb.
Qeyd edək ki, Məhəmməd Salah son 4 görüşdə start heyətində yer almayıb. Ötən həftə “Lids”lə oyunda ehtiyatda qaldıqdan sonra o, klub və baş məşqçini öz oyun vaxtını əsassız azaltmaları ilə bağlı tənqid edib. Bu səbəbdən, 33 yaşlı hücumçu Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “İnter”lə qarşılaşmanın (1:0) iştirak ərizəsindən kənarlaşdırılıb.
"Liverpul" VIII turda "Qarabağ"la üz-üzə gələcək. Yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.









































































