İngiltərənin “Çelsi” klubunun rəhbərliyi sabiq baş məşqçi Entso Mareskanın davranışından narahat olub.
Sportnet.az ESPN nəşrinə istinadən xəbər verir ki, mənbə 45 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə razılaşmadığını getdikcə daha tez-tez açıq şəkildə ifadə etməyə başlayıb.
Yanvarın 1-də “Çelsi” italiyalı baş məşqçinin istefaya göndərildiyini açıqlayıb. Mareska London komandasına 2024-cü ilin yayından rəhbərlik edirdi.
Qeyd olunur ki, Mareskanın narazılığı tək bir insidentlə deyil, futbolçuların yüklənməsi ilə bağlı tibbi tövsiyələr ətrafında yaranan fikir ayrılıqları ilə bağlı olub.
Mənbələr həmçinin bildiriblər ki, baş məşqçinin mediaya açıqlamaları hətta onun öz məşqçi heyəti üçün də gözlənilməz olub.
Ötən ay Mareska “Çelsi”də çalışdığı dövrdə “ən pis 48 saatı” yaşadığını söyləyib.
İtaliyalı mütəxəssisin rəhbərliyi altında “Çelsi” Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub. Premyer Liqada 19 turdan sonra London təmsilçisi 30 xalla altıncı pillədə qərarlaşıb.













































































