Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən aparılan mərc araşdırması çərçivəsində peşəkar liqalarda texniki məsul şəxs kimi fəaliyyət göstərmiş 108 məşqçi və 104 futbol meneceri Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb edilib.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, son 5 il ərzində peşəkar liqalarda texniki məsul vəzifəsində çalışan və mərc oynadığı müəyyən edilən məşqçilər, həmçinin TFF-də qeydiyyatdan keçmiş və aktiv fəaliyyəti dövründə mərc etdiyi aşkarlanan menecerlər tədbirli qaydada PFDK-ya göndərilib.
İntizam Komitəsinə cəlb olunanlar arasında Superliqada çalışmış tanınmış məşqçilər — Hakan Keleş, Mehmet Altıparmak, Cüneyt Dumlupınar və Mustafa Alper Avcı, eləcə də “Qalatasaray” klubunun sabiq rəhbərlərindən Cenk Ergün də yer alır.
Araşdırma nəticələrinə əsasən, adları qeyd olunan şəxslərlə bağlı intizam tədbirlərinin yaxın günlərdə açıqlanacağı gözlənilir.












































































