İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” “Börnli”nin qonağı olub.
Sportnet.az xəbər verir ki, Börnli şəhərindəki “Törf Mur” stadionunda keçirilmiş oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Matçın hesabını Eyden Heven açıb. Qonaq komandanın müdafiəçi 13-cü dəqiqədə topu öz qapısına göndərib.
50-ci dəqiqədə “Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko tarazlığı bərpa edib və 10 dəqiqə sonra sloveniyalı forvard dublla fərqlənib. 66-cı dəqiqədə ev sahiblərinin oyunçusu Ceydon Entoni hesabı bərabərləşdirib.
Hazırda “Mançester Yunayted” 32 xalla turnir cədvəlinin 6-cı pilləsində, “Börnli” isə 13 xalla 19-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, Ruben Amorimin baş məşqçi postundan qovulmasından sonra "Mançester Yunayted"in ilk matçı idi.













































































